Jalə Nəsirova, AİS meneceri, Platinium-17 MMC
- Bu sərgi bizim üçün xüsusi bir təcrübədir — biz burada ilk dəfə iştirak edirik və artıq ikinci gündə anlayırıq ki, çox doğru qərar vermişik. Buradakı atmosfer olduqca dinamikdir, sahə peşəkarlarının marağı açıq şəkildə hiss olunur və bu bizi həqiqətən ruhlandırır.
Biz HORECA — otel və restoran sektoruna yönəlmiş həllər təqdim edirik. Stendimizdə nümayiş olunan məhsullar bizim rəsmi nümayəndəsi olduğumuz şirkətlərə məxsusdur. Bunlara mətbəx avadanlıqları — bişirici xətlər, müxtəlif plitələr, bişirmə sistemləri, soyuducu avadanlıqlar, buz aparatları, qabyuyan maşınlar, eləcə də masaüstü məhsullar daxildir. Müasir restoran və ya oteli bu məhsullar olmadan təsəvvür etmək çətindir. Xüsusilə qab-qacaq və süfrə aksesuarlarımız ziyarətçilərin diqqətini çəkir — boşqablar, çəngəl-bıçaq dəstləri, servis həlləri.
Biz “Öztüryakiler” kimi dünya səviyyəli brendlərlə, həmçinin qardaş Türkiyənin istehsalı olan “Bonna” ilə əməkdaşlıq edirik. Eyni zamanda “Diriliş Paslanmaz” şirkəti ilə də artıq bir neçə ildir uğurlu tərəfdaşlığımız davam edir və paslanmaz poladdan hazırlanan etibarlı məhsullar təqdim edirik.
Açığını desəm, ziyarətçilərin aktivliyi bizi xoş mənada təəccübləndirdi — məhsullarımıza maraq çox yüksəkdir. İnsanlar yaxınlaşır, suallar verir, konkret layihələr üzərində müzakirələr aparırlar. Bu, sadəcə sərgi deyil, real peşəkar ünsiyyətdir. Biz bu sərgini inkişaf üçün mühüm platforma kimi görürük. Yeni tərəfdaşlıqlar qurmağı, maraqlı əməkdaşlıqlara imza atmağı və həm yerli, həm də beynəlxalq bazarda mövqeyimizi daha da gücləndirməyi planlaşdırırıq. Gözləntilərimiz böyükdür — və görünən odur ki, bu gözləntilər özünü doğruldur.