AZƏRBAYCAN TOXUMÇULUĞUNUN QLOBAL BAZARA İNTEQRASİYASI

AZƏRBAYCAN TOXUMÇULUĞUNUN QLOBAL BAZARA İNTEQRASİYASI

6 may 2026 0000

Rövşən Mirzəyev, MDB ölkələri üzrə regional menecer, Azərbaycan Toxumçuluq Təşərrüfatı, GÖZEL SEEDS

- Şirkətimiz Azərbaycan toxumçuluğunun simvolu hesab olunur və Gözəl Seeds brendi altında fəaliyyət göstərir. 2019-cu ildən etibarən biz beynəlxalq səviyyədə inkişaf edən bir şirkət kimi İspaniya, Türkiyə, Azərbaycan və Özbəkistanda seleksiya və istehsal fəaliyyətimizi genişləndiririk. Əsas diqqətimiz istixana tərəvəzlərinə və bazarın müasir tələblərinə cavab verən innovativ sortların yaradılmasına yönəlib. Bu gün sortlarımız dünyanın 15-dən çox ölkəsində sınaqdan keçirilir. Artıq Özbəkistan bazarında fəaliyyət göstəririk, Türkmənistan bazarına daxil oluruq və Rusiyada da mərhələli şəkildə fəaliyyətə başlayırıq. Toxumlarımız Yaponiya, İran, Avropa ölkələri və Balkanlarda test edilir. İspaniyada seleksiya mərkəzimiz və satış fəaliyyətimiz mövcuddur, Polşada isə sortlarımız istixanalarda sınaqdan keçirilir. Azərbaycan bazarından danışsaq, burada əsas tələbat çəhrayı hibrid pomidorlara yönəlib və bu məhsullar adətən Avropadan idxal olunur. Lakin biz bu balansı dəyişməkdəyik. Bu gün biz Azərbaycanda ilk və yeganə yerli seleksiya toxum şirkətiyik və artıq sortlarımız dünya miqyaslı aparıcı brendlərlə rəqabət aparır. Məhsullarımızı ilk dəfə görən hər kəsin reaksiyası eyni olur — heyrət. Müxtəlif ölkələrdən olan tərəfdaşlarımız sınaq üçün təqdim etdiyimiz sortları böyük beynəlxalq şirkətlərin məhsulları ilə müqayisə edir və nəticələr öz sözünü deyir.

Əsas fokusumuz istixana pomidorlarıdır. Eyni zamanda biz müxtəlif texnologiyaları — low-tech, mid-tech və high-tech istixana modellərini nəzərə alırıq və hər seqment üçün uyğunlaşdırılmış sortlar yaradırıq ki, bazarda daim tələbatda olaq. Xüsusi qürur mənbəyimiz seleksiyaçılar komandamız və Türkiyədə fəaliyyət göstərən Double Haploid (DH) laboratoriyamızdır. Bu, yüksək texnologiya, böyük investisiya və peşəkarlıq tələb edən bir sahədir. Bu texnologiya sayəsində klassik seleksiyada 7–8 il çəkən prosesi təxminən 6 aya qədər qısaldaraq xiyar, bibər, qarpız və digər bitkilər üçün saf xətlər əldə edirik. Bu, sadəcə sürət deyil — keyfiyyət baxımından böyük irəliləyişdir.

Biz bu sərgidə artıq ikinci dəfə iştirak edirik və ötən il stendimiz ən çox ziyarət olunan stend seçilərək Caspian Agro tərəfindən xüsusi sertifikatla təltif olunub. Bu il sərgidə əsas məqsədimiz tərəfdaşlıq əlaqələrini genişləndirməkdir. Artıq müxtəlif ölkələrdən nümayəndələr bizim stendə yaxınlaşır, danışıqlar aparılır və əməkdaşlıq imkanları müzakirə olunur. Bəzən ziyarətçilər məhsullarımızın bu qədər estetik görünüşünə inanmaqda çətinlik çəkir və onları suvenir hesab edirlər. Halbuki bunun arxasında ciddi elmi yanaşma və keyfiyyətə yüksək tələbat dayanır. Və ən vacib məqamlardan biri: biz yalnız təbii seleksiya ilə işləyirik. Azərbaycanda GMO toxumlarının istifadəsi qadağandır və biz də bu prinsiplərə tam riayət edərək təmiz, keyfiyyətli və təhlükəsiz məhsul təqdim edirik. Sərginin gedişatından çox razıyıq və nəticə olaraq uğurlu yeni nailiyyiyətlər əldə etməyimizə inanırıq.

 

Sponsorlar

Media dəstəyi

Retail Centre – Ticarət şəbəkələrinin görüş mərkəzinin iştirakçıları

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN