Aslan Məmmədov, “KTbinalar” şirkətinin satış üzrə direktoru:
“KTbinalar” şirkəti (www.ktbinalar.az) kənd təsərrüfatı layihələrini idarə etmək üçün təsis edilmiş “BRPG” şirkətinin struktur vahididir. Biz sifarişçilərə inşaat ərazisinin seçilməsindən tutmuş layihələrin hazırlanmasına və idarə edilməsi, habelə istismara verilməsinə qədər “istifadəyə hazır” şəkildə təhvilinə təminat veririk.
“BRPG” şirkəti inşaat sahəsində təcrübəli mütəxəssis kimi layihələrin mükəmməl idarə edilməsi üzrə xidmətləri təklif edir. Bu gün bunlara heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istehsal müəssisələrinin, həmçinin soyuducu və quru məhsul anbarlarının inşası daxildir. Şirkətimiz bütün bu layihələri və xidmətləri “Caspian Agro 2021” sərgisi çərçivəsində öz stendində nümayiş etdirəcək.
Regionda yeni texnologiyaların nümayişinin əsas mövzusu mühəndislərimiz tərəfindən hazırlanmış “ağıllı fermalar” olacaq. Bunlar 120 baş mal-qara üçün nəzərdə tutulan müasir heyvandarlıq kompleksləridir. Heyvanların yemlə təmin edilməsi və onların vəziyyətinə nəzarət, rabitə problemlərinin həlli və heyvanlara vaxtlı-vaxtında qulluq məsələləri nəzərə alınmaqla, hər modulun sahəsi 3400 kv. m. təşkil edir. Texnoloji yenilik mütləq mütəxəssislərin, fermerlərin və sahibkarların diqqətini cəlb edəcək. “Ağıllı ferma”nı kənd təsərrüfatı əməyinin intellektuallaşması nümunəsi hesab etmək olar.
“Ağıllı fermalar”ın layihələndirilməsinin istehsalat sirri və soyuducu anbarların standart layihələri bu gün xalqımızın düşüncə və qəlblərini çulğalamış Qarabağ bölgəsi də daxil olmaqla, bütün Azərbaycanda kənd təsərrüfatı sənayesinin inkişafına çox səmərəli kömək edəcək. Biz Qarabağın bərpasına və daha da çiçəklənməsinə töhfə verməyi zəruri hesab edirik. “KTbinalar” şirkətinin yeni texnologiyaları minlərlə Qarabağ sakini üçün qida proqramını həll etmək imkanlarını genişləndirəcək.
Mən fəxr edirəm ki, ölkəmizdə beynəlxalq sərgilər keçirilir. Bu sərgilər vasitəsi ilə həm yerli, həm də xarici şirkətlər cəlb olunur, şirkətlərin fəallığı və onların bazarda mövcudluğu müşahidə olunur və həm şirkətlər, həm də ayrı-ayrı mütəxəssislər arasında əməkdaşlıq əlaqələri artır. Müştərilərin sayı artdıqca, yeni ehtiyaclar da müəyyənləşir, yeni iş üfüqləri yaranır və bunun sayəsində də yeni iş yerləri açılır. Əlbəttə ki, yuxarıda sadalananların hamısı ölkəmizin iqtisadiyyatında və inkişafında öz əksini tapır.
Pandemiya ilə əlaqədar sərgilərin işini dayandıran və eyni zamanda, ölkə iqtisadiyyatının və kənd təsərrüfatı sektorunun inkişafına mənfi təsir göstərən məhdudiyyətlər qüvvəyə minmişdir. Lakin bu çətinliklərə baxmayaraq, şirkətimiz Azərbaycanda öz layihələrini uğurla həyata keçirir.