5 may tarixində Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi öz işinə başlamışdır.
“Caspian Agro Week” sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri Muhammad Nasar Hayat və “ICA Events” şirkətinin Baş icraçı direktoru Edvard Straçan iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində dünyanın aparıcı şirkətlərinin nümayəndələrinin, investorların və fermerlərin sərgidə iştirakı tədbirin strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın qurulmasında rolunu göstərir. Onun sözlərinə görə, müasir dövrdə kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluğunun artırılması və ekologiyanın mühafizəsi üçün mühüm vasitədir. Nazir vurğulayıb ki, illər ərzində “Caspian Agro” sərgisi kənd təsərrüfatı sahəsində aparıcı regional platforma kimi mövqeyini möhkəmləndirib. Bu il isə konseptual dəyişikliklər nəticəsində tədbir “Caspian Agro Week” formatında təşkil olunub. Bu yanaşma təkcə aqrar məhsul və texnologiyaların nümayişini deyil, həm də forumların, biznes görüşlərin və iri aqro komplekslərə səfərlərin təşkilini nəzərdə tutur. Bu format sektorun aktual məsələlərinin geniş müzakirəsi üçün şərait yaradır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli kənd təsərrüfatı və ərzaq sənayesinin dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Məhz buna görə ərzaq və qida təhlükəsizliyi məsələləri ön plana çıxır. O qeyd edib ki, bu sahələrin inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması, idxal imkanlarının artırılması və kənd təsərrüfatı məhsullarının yeni satış bazarlarına çıxışı sərgi platformasında müzakirə olunacaq əsas məsələlərdəndir. Qoşqar Təhməzli əminliyini ifadə edib ki, “Caspian Agro Week” sərgisi bütün iştirakçılara dünya təcrübəsi ilə tanış olmaq və gələcək fəaliyyətində ondan faydalanmaq imkanı yaradacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, son illərdə qurum sərgidə fəal iştirak edərək öz məhsullarını geniş ziyarətçi kütləsinə təqdim edir. O qeyd edib ki, bu il Agentliyin stendi çərçivəsində mikro, kiçik və orta biznes üzrə on nümayəndə iştirak edir. Onun sözlərinə görə, sərgi əvvəlki illərdə olduğu kimi biznesin genişlənməsi və aqrar sektorun ümumi inkişafı üçün əlverişli şərait yaradacaq.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev qeyd edib ki, bu sərgi ölkənin qeyri-neft sahələrinin inkişafında mühüm rol oynayır. AZPROMO həm xaricdə beynəlxalq sərgilərdə iştirak edir və “Made in Azerbaijan” brendini təbliğ edir, həm də ölkə daxilində keçirilən sərgilərdə fəal iştirak edir. Bu il platformada həmin brendə məxsus on şirkət təmsil olunur. Onun fikrincə, sərgi iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, biznesin inkişafına və yeni bazarlara çıxışa mühüm töhfə verəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri Muhammad Nasar Hayat bildirib ki, bu il “Caspian Agro Week” sərgisi çətin qlobal şəraitdə keçirilir. Dünyadakı vəziyyət ərzaq və kənd təsərrüfatı məhsullarının təminatı, eləcə də ərzaq təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırıb. Onun sözlərinə görə, sərgidə bir sıra vacib problemlər geniş müzakirə olunacaq və iştirakçılar qlobal çağırışlarla bağlı suallara birgə cavab tapacaqlar.
“ICA Events”-in baş direktoru Edvard Straçan sərginin açılışı münasibətilə qonaqları və iştirakçıları təbrik edib, “Caspian Agro Week” ilə bağlı statistik məlumatlar təqdim edib və hər kəsə uğurlu iş arzulayıb.
Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən daim xüsusi diqqət yetirilir. “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.
Regionun kənd təsərrüfatı və qida sənayesi üzrə ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Kənd təsərrüfatı və qida sənayesi sahəsindəki ən mühüm platformalar bölgənin əsas istehsalçıları və distribyutorları ilə birbaşa əlaqələr qurmaq üçün unikal imkan yaradır.
Bu il də sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu adlanır. Yenilənmiş və genişlənmiş konsepsiyanın sərgiyə yeni təkan verəcəyi, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacağı gözlənilir.
Sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq etmişdir. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edirlər. Bu il sərgilərdə AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edir və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunur: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.
Sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunur. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış olurlar.
Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir.
Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə sərgi təqdimat zonasında bir sıra forum və konfranslar keçiriləcək.
İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkil olunmuşdur. Bu proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir.
Sərgilər çərçivəsində “WomenSpace: Qida, Ünsiyyət, Mentorluq” tədbiri və şokolad art-instalyasiyaları sərgisi təşkil olunacaq.
Uzun illərdir “Qızıl Şah 2026” Beynəlxalq Kulinariya Çempionatı “InterFood Azerbaijan” sərgisinin ayrılmaz hissəsi olaraq bu il də ziyarətçilərin diqqət mərkəzində olacaq.
“Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.