Ramin Kərimov, Qazax rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı
Mən Qazax rayonunu təmsil edirəm. Biz sərgiyə 10 nəfərlik fermer heyəti ilə gəlmişik. Bu fermerlər arasında həm əkinçilik, həm heyvandarlıq sahəsində çalışanlar, həm də texnika ilə məşğul olan traktorçular və kombayn operatorları var.
Caspian Agro sərgisinin ölkəmizin kənd təsərrüfatı və qida sektoru üçün çox böyük əhəmiyyəti var. Burada həm yerli fermerlər, həm də xarici ölkələrdən gəlmiş iştirakçılar təmsil olunurlar. Görürük ki, müxtəlif ölkələrdən şirkətlər, mütəxəssislər və fermerlər sərgiyə dəvət olunublar. Təbii ki, bizim fermerlər də bu sərgidən çox faydalandılar. Onlar kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni innovativ texnologiyalarla tanış oldular, müxtəlif texnikalara baxdılar. Eyni zamanda, ərzaq məhsullarının yetişdirilməsi, müxtəlif şirkətlərin təqdim etdiyi texnologiyalar və heyvandarlıq sahəsindəki yeniliklərlə yaxından tanış oldular və bundan çox məmnun qaldılar.
Hazırda fermerlərimiz üçün damazlıq heyvanların alınması, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə əldə olunması, o cümlədən traktor və digər avadanlıqların istifadəsi istiqamətində geniş imkanlar yaradılıb.
Bu sərgi fermerlər üçün yeni texnologiyalar və yeni istiqamətlərlə tanış olmaq baxımından çox faydalıdır. Sərgidən qayıtdıqdan sonra onlar burada gördüklərini digər fermerlərlə bölüşür, öz təklif və təcrübələrini onlara çatdırırlar. Biz də əməkdaş olaraq fermerlərə bu sahədə mövcud olan yeniliklər, inkişaf etmiş texnologiyalar və onların tələblərinə uyğun imkanlar barədə məlumat veririk. Bildiririk ki, bu sahədə fəaliyyət göstərən şirkətlər, yeni texnologiyalar və inkişaf istiqamətləri mövcuddur və fermerlər bunlardan istifadə edərək faydalana bilərlər.