Şirkət 2015-ci ildə təsis edilib, lakin bizim fəaliyyətimiz 2006-cı ildən başlayıb. Digər təşkilatlarla əməkdaşlıq nəticəsində təcrübə toplayaraq öz şirkətimizi yaratdıq. Biz çoxmeyvəli bağçılıqla— albalıdan almayadək müxtəlif meyvələrin yetişdirilməsi ilə məşğuluq. İlboyu məhsulun yığımı, qablaşdırılması və ixrac əməliyyatlarını həyata keçiririk. MAN AGRO-nun fəaliyyəti Azərbaycanın şimal bölgəsini — Qusar və Xaçmaz rayonlarını əhatə edir.
Biz ənənəvi üsulları müasir innovativ yanaşmalarla birləşdirərək uğurla inkişaf edirik. Hər il tədarük siyahısına yeni sortlar əlavə olunur. Əsasən almaya üstünlük veririk, çünki şimal bölgəsi bu meyvə üçün daha uyğundur. Eyni zamanda biz çəyirdəkli meyvəçilik sahəsində də pionerik — ölkənin şimalında ərik, şaftalı və albalı əkilməsinə başlamışıq, buna isə əvvəlcə heç kim inanmırdı.
Hazırda bütün bu bitkilərin yetişdirilməsi bacarıqlarını daha da təkmilləşdirməyə çalışırıq. Həmçinin qablaşdırma fəaliyyətimizi də inkişaf etdiririk. Məsələn, bu il Azərbaycanda ilk dəfə olaraq İtaliyanın “Unitec” şirkətinə məxsus albalı çeşidlənməsi üzrə universal texnologiyanı tətbiq edirik.
Beşinci ildir ki, bu sərgidə iştirak edirik və əməkdaşlığın nəticələrindən məmnunuq, çünki burada daim tərəfdaşlarımızla görüşür, yeni işgüzar əlaqələr qururuq. Təcrübə mübadiləsi aparır və faydalı məlumatlar əldə edirik. Bu, yeni müştərilərin cəlb edilməsi və tərəfdaşlarımızla əlaqələrin genişləndirilməsi üçün uğurlu platformadır. Sərgi bizim üçün həmişə səmərəli olub. Məsələn, keçən il “Agrofооd” şirkəti ilə memorandum imzalayaraq meyvələrin saxlanması sahəsində əməkdaşlıq və bir sıra digər müqavilələr bağladıq. Əminəm ki, “Caspian Agro 2026” da eyni dərəcədə məhsuldar olacaq və biznesimizin inkişafına töhfə verəcək.