Damyen Koşelin, “Lindsay” (ABŞ) şirkətinin Avropa, Orta Asiya və Şimalı Afrikada satış üzrə direktoru
– “Lindsay” korporasiyası 50 ildən çox müddətə kənd təsərrüfatı texnikasının istehsalı və distribyusiyası ilə məşğuldur. “Lindsay” şirkətinin “Zimmatic” markalı güclü və etibarlı suvarma sistemləri dünyanın 90-dan artıq ölkəsində tətbiq edilir. Sərgi çərçivəsində şirkətin stendində nasos stansiyaları, dairəvi frontal çiləyici maşınlar, bütün parametrləri optimallaşdırmaqla layihələr hazırlaya bilən layihələndirmə institutumuzun xidmətlərini təqdim edirik. Həmçinin dairəvi və frontal sistemlər, su şırnağı, injektorlar və nasosları uzaqdan idarə etməklə, suyun ötürülməsi, gübrə və kimyəvi maddələrin verilməsi üçün nəzərdə tutulmuş, eləcə də bütün məlumatları izləmə və qeyd etmə imkanı olan operativ və rahat həll variantı – “FieldNET” sistemini qeyd etmək istəyirəm.
Biz 400-dən çox mexanizm quraşdırdığımız Azərbaycanda artıq 10 ildir ki, fəaliyyət göstəririk. Bura bizim üçün çox yaxşı bir bazardır və buna görə də biz sərgidə iştirak etməklə, brendin tanınmasını artırmaq və şirkətin gələcək inkişafını təmin etmək üçün məhsullarımızı təqdim edirik. Biz bütün maraqlanan şəxsləri, xüsusən də dövlət dəstəyinə malik olan və təsərrüfatlarda infrastrukturun, o cümlədən su təchizatı sistemlərinin quraşdırılması ilə məşğul olan (kənd təsərrüfatı parklarının) nümayəndələrini stendimizə dəvət edirik.