Telman Ağabəyov, fermer
- Mən Salyan rayonunda taxılçılıq və pambıqçılıq sahəsində ixtisaslaşmış fermer təsərrüfatının sahibiyəm. Bakıda keçirilən sərgini ilk dəfə ziyarət edirəm - tədbirin miqyası, burada təqdim edilən şirkət, texnika, mal və xidmətlər məni mütəəssir edib. Sevindirici haldır ki, yerli şirkətlər öz xarici analoqlarından heç də geri qalmır.
Biz rayonumuzu təmsil edən fermerlər qrupunun tərkibində müxtəlif şirkətlərin nümayəndələri ilə bir sıra maraqlı görüşlər keçirdik və söhbətlər apardıq. Məni suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, mineral gübrələr və kimyəvi preparatlar xüsusən maraqlandırır. Onların bəziləri mənim üçün hələ indiyə qədər istifadə etmədiyimiz yeni tapıntı oldu. İndi bizim regionda onlardan istifadə imkanını öyrənmək lazımdır.
Mən tədbiri mükəmməl keçirdiyinə və kənd təsərrüfatı sektorunun yenilikləri ilə tanış olmaq üçün yaradılan imkana görə təşkilatçılara təşəkkür edirəm.