May ayının 19 Bakı Ekspo Mərkəzində dünyanın 19 ölkəsini təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının 167 istehsalçısı və distribyutorunu bir arada toplamış 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi öz işinə yekun vurur. Sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın “CaspianAgro 2017” sərgisini ziyarət etməsi bütün iştirakçılar üçün mühüm və əlamətdar hadisəyə çevrilib. Sərgi çərçivəsində ölkə başçısı aparıcı ekspozisiyalar ilə tanış olub və bir sıra xarici iştirakçıların milli stendlərini ziyarət edərək, dünyanın nəhəng şirkətlərinin rəhbərləri ilə söhbət edib. Sərginin xarici qonaqları qeyd edirlər ki, “CaspianAgro” sərgisi beynəlxalq münasibətlər baxımından uğurlu iqtisadi əlaqələri möhkəmləndirir və dünya bazarının bir çox iştirakçılarının Azərbaycana işgüzar marağını inandırıcı şəkildə əks etdirir.
“CaspianAgro 2017” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd etdi ki, qloballaşma və yer kürəsi əhalisinin artması fonunda ərzaq təhlükəsizliyi və əhalinin qida məhsulları ilə təmin edilməsi müasir bəşəriyyətin aktual problemidir. Sərgi iqtisadiyyatın şaxələnməsini əks etdirir və yerli bazarın dünya miqyasında inkişaf potensialını göstərir. Təsadüfi deyil ki, bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (BMT ƏKTT) tərəfindən dəstəklənir.
Kənd təsərrüfatı sənayesinin ən aktual sahələri və geniş məhsul çeşidi, ilk növbədə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqlar və istixanaların istifadəyə hazır şəkildə tikintisi, maldarlıq sektoru üçün avadanlıqlar, substratlar, mal-qara və balıqlar üçün yemlər, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikaları və bir sıra digər məhsullar peşəkar ziyarətçilərin diqqətini cəlb edib.
Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılar ilə yanaşı, “Made in Azerbaijan” brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları aralarında sərginin daimi iştirakçılarının da yer aldığı yerli şirkətlər (“Agrosell”, “Gəncə Avtomobil Zavodu”, “Kaspi Yıldız” və bir sıra digər şirkətlər), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edir.
Ənənəvi olaraq, “CaspianAgro 2017” sərgisində sənayenin yeni məhsulları – yüksək səmərəli mineral gübrələr (Rusiya), çox güclü mühərriki və möhtəşəm qaldırma gücü olan traktor (Azərbaycan), təzə meyvə və tərəvəz üçün “BRT-134 Sormapack” qablaşdırma maşını (İtaliya), qırmızı “Qala” sortunun klonu (Fransa), heyvanların müalicəsi üçün bir sıra preparatlar (Ukrayna) və digər məhsullar təqdim edilir.
İrriqasiya sistemləri, pambıqçılıq sahəsi üçün kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları və müasir texnikalar geniş şəkildə təqdim edilib. Böyük-həcmli texnika və mexanizmlər Bakı Ekspo Mərkəzinin daxilində və açıq meydançasında yerləşib.
Nəhəng regional tədbirlərdən biri olan “CaspianAgro” sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Xəzəryanı regionun yeganə ixtisaslaşmış sərgisinin ziyarət olunması biznesi kənd təsərrüfatı sənayesi ilə bağlı olan bütün şirkətlər üçün prinsipial əhəmiyyətə malikdir. Ənənəvi olaraq, Azərbaycan sahibkarlarını yeni texnologiyalarla tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə ölkə regionlarında hər “CaspianAgro” sərgisinə işgüzar turlar təşkil olunur. Bu il “Aqrolizinq” ASC-nin dəstəyi ilə Azərbaycanın 45 rayonunu təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edib. Bir sıra fərdi təsərrüfat sahibləri və ya birgə müəssisə rəhbərləri jurnalistlərlə söhbət əsnasında sərgidən əldə etdikləri maraq dairəsini, işgüzar təəssüratları bildiriblər. Belə ki, bir sıra fermerlər sərgidə təqdim edilən müasir texnikaları, maşın və ya traktorları əldə etmək istədiklərini bildiriblər.
Sərginin işgüzar proqramı, eləcə də tədbir çərçivəsində keçirilən “vorkşop” və seminarlar böyük iştirakçı çevrəsi və dəvət edilmiş sənaye peşəkarı üçün əlamətdar hadisəyə çevrilib. Bu planda sərgidən əvvəl təşkilatçılar tərəfindən keçirilmiş işgüzar qəlyanaltı tədbirin debütantları və “start-up”lar üçün yeni maraqlı layihə olub. Bu eksklüziv tədbirin keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə etmək istəyi ilə bağlıdır.
Bakı Ekspo Mərkəzində paralel olaraq 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgiləri də keçirilib. Bu isə bütün foruma əlavə peşəkar səmərəlilik gətirir və sənaye peşəkarlarının diqqətini yaxından cəlb edir. Beləliklə, bu birgə tədbirdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət, eləcə də 6 ölkənin - Belarus, Macarıstan, Gürcüstan, Çin, Niderland Krallığı və Şri Lankanın milli qrupları iştirak edirlər.