“CaspianAgro 2016” sərgisi – kənd təsərrüfatı sənayesi üçün texnika, məhsul və xidmətlərin nümayiş olunduğu parlaq yubiley

“CaspianAgro 2016” sərgisi – kənd təsərrüfatı sənayesi üçün texnika, məhsul və xidmətlərin nümayiş olunduğu parlaq yubiley

19 may 2016 0000

Bu gün Bakı Ekspo Mərkəzində 10-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“CaspianAgro 2016”) sərgisi öz işinə başlayır. Burada paralel olaraq dünyanın bir sıra istehsalçıları tərəfindən qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“WorldFood Azerbaijan 2016”) sərgisi keçirilir. Belə peşəkar vəhdət, şübhəsiz ki, hər iki tədbirin səmərəliliyini artırır.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov hökumətimizin böyük diqqət göstərdiyi iqtisadiyyatın qeyri-neft sektorunun əhəmiyyətini vurğulayıb. Buna görə də, nazirin sözlərinə görə, bu sərgi yerli nailiyyətlərin nümayiş etdirilməsi və iqtisadiyyatın bu sahəsindəki xidmətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır. "CaspianAgro” sərgisi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov öz çıxışında məlumat verib ki, sərgi 11 faizlik artım nümayiş etdirir və tədbir iştirakçılarının 67 faizini xarici şirkətlər təşkil edir. Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 309 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də xaricində yerləşir. Gürcüstan, Hollandiya və İndoneziya milli pavilyonla təmsil olunur. Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidlərini təqdim edən İtalyan şirkətləri böyük fəallıq göstərir. İştirakçıların 30%-ni debütantlar təşkil edir ki, bunların da yarısı ölkənin kənd təsərrüfatı bazarının öyrənilməsi istiqamətində ilk addımlarını atan və öz məhsullarını ixrac etmək üçün sərgidə xarici tərəfdaşlar axtarışında olan yerli istehsalçılardan ibarətdir.

Sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və  bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası  və s. daxildir. Builki sərginin fərqləndirici cəhətlərindən biri “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektor daxil edilməsidir. Hər iki istiqamət ölkədə kənd təsərrüfatı sahəsinin səmərəli şəkildə idarə olunması, habelə məhsuldarlığı artırılması və kənd təsərrüfatı məhsullarını müntəzəm qaydada araşdırılması üçün peşəkar elmi metodları nümayiş etdirir. Bakı Ekspo Mərkəzinin açıq meydançasında məhsul toplayan, şumlayan, əkin maşınları, kombaynlar yerləşdirilib.

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “CEO” (“Caspian Event Organisers”) şirkəti çıxış edir.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN